Xaçmazın Qusarçay kəndində 6 ildir ki, qızılxallı forel balığı yetişdirən təsərrüfat fəaliyyət göstərir. Bu barədə ShimalNews 16 fevral tarixində Azərtac-a istinadən məlumat verir.

İldə 20 tondan çox balıq buradan satışa yönəldilir. Təsərrüfatın rəhbəri Şahin Qulubəyov bildirir ki, müəssisədə balıqyetişdirmə prosesi tam əhatə olunub.

Bura Fransa və İtaliyadan kürü gətirilir. Balıq kürüdən çıxandan sonra 3 mərhələdə inkişaf dövrü keçərək 1 il müddətində bol oksigenli təmiz suyu olan hovuzlarda bəslənilir.

Forel yetişdirilməsi olduqca çətin prosesdir. Onun çəkisinin 15-20 qr olması üçün 4 aya kimi vaxt lazımdır. 5 ayda təxminən 100 qr, növbəti 6-7 ayda isə çəkisi 10 dəfə artaraq 1 kq və daha çox olur.

Hovuzlarda su daim təbii şəkildə axaraq təmizlənir. Onun mikroelementlərlə zəngin tərkibi balığın tez böyüməsinə səbəb olur. Farel yırtıcı sayılır, daim soyuq və tərkibi minerallarla münbit olan şirin su hövzələrində yaşamağı sevir. Onun yemi və xəstəliklərə qarşı dərmanları xaricdən gətirilir.

Balıq 350-400 qr olandan sonra satışa çıxarılır. Onların arasında çəkisi 2 kq olanları da var. Bəzi fermerlər topdansatış qiymətə 350 qr farel balıqlarını alıb, öz təsərrüfatlarında bəsləməyə davam edirlər.

Restoranlar kiçik və ya 700-750 qr-lıq balıqlara üstünlük verir. Bazarda alıcılar isə böyük balıq istəyirlər.

“Balıq ovu mənim ən çox sevdiyim məşğuliyyətlərdəndir. Bu təsərrüfatın yaradılmasında da hobbimin rolu böyükdür”, – Şahin Qulubəyov əlavə edib.

 

View this post on Instagram

 

A post shared by SHIMAL NEWS (@shimal.news)

Foto Azertac