“Ögey ana” filmi 1958-ci ildə çəkilib. Ekran əsərinin əksər çəkilişləri İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərində baş tutub. Filmin rejissoru Həbib İsmayılovdur.

Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən İsmayılın həyatından bəhs edilir.

1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında “Ögey ana”

bədii filmi III dərəcəli mükafata layiq görülmüşdür. Həmin illərdə filmi 21 milyon tamaşaçı izləmişdir.

Filmin maraqlı məqamlarından biri odur ki, aktyorlar filmdə sanki öz həyatlarından bəhs edirlər. Həmin əsər aktrisa Nəcibə Məlikovanın (Dilarə) bir növ ailə hekayəsi idi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçmiş baş katibi Fuad Əsədov aktrisanın ögey oğlu idi. Həbib İsmayılov hekayə əsasında bu filmi çəkir və Nəcibə Məlikovanın həkim olmaq arzusunu filmdə reallaşdırır, onu izləyicilərə həkim xanım kimi təqdim edir.

Ceyhun Mirzəyev də İsmayılın taleyini yaşayıb. O, 3 yaşında olanda atası Cəmil Mirzəyev dünyasını dəyişib. Ceyhun atasının ikinci dəfə ailə qurduğu gürcü Marqarita xanım və onun əvvəlki nikahından olan qızı – ögey bacısı ilə birgə böyüyüb.

Film 42 yaşlı Nəsibə Zeynalovanın kinoda ilk böyük işi idi.

“Ögey ana” filminin 60 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin təşşəbbüsü ilə filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərinin arasında “Ögey ana” filmi ilə bağlı abidə qoyulub.

Filmdə Ceyhun Mirzəyev – İsmayıl, Nəcibə Məlikova – Dilarə, Fateh Fətullayev – Arif, Ələsgər Ələkbərov – Hüseyn dayı, Nəsibə Zeynalova – Fatmanisə rollarını ifa ediblər.

İstinad edilən mənbələr: