Xaçmazda fəaliyyət göstərən müəssisədə il ərzində 150 ton yeməli göbələk istehsal olunur. Bu barədə ShimalNews 26 yanvar tarixində Azərtac-a istinadən məlumat verir.
Çarxı kəndində 7 ildir ki, şampinyon yetişdirilir. Məhsul Xaçmaz, Quba, Qusar və Sumqayıtda satışa çıxarılır.
Sahibkar Ənvər Haqverdiyev bildirir ki, ilk illərdə gəlir əldə etmək mümkün olmasa da, indi müəssisə qazanc gətirir:
“Əvvəl heyvandarlıqla məşğul idim. Sonra Rusiyada yaşayan qardaşımın məsləhəti ilə göbələk istehsalına başladıq. Əvvəlcə çox çətin idi. İndi işimizi qurmuşuq. Müştəri sarıdan çətinliyimiz yoxdur. Yetişdirdiyimiz göbələkləri bölgədəki satış mərkəzlərinə və böyük istirahət mərkəzlərinə topdansatış qiymətə satırıq. Malımız artıq qalanda Bakı şəhərində də satışı həyata keçirə bilirik”.
Müəssisədə 300 kv.m sahəsi olan 9 istehsalat otağı var. Ay ərzində hərəsindən 3 dəfə 4 ton məhsul toplanılır. Göbələyin topdansatış qiyməti 4 manatdır. Qablaşdırılmış halda isə 500 qr məhsul 2 manata satılır. Mağazalarda isə topdansatış qiymətinin üzərinə 30-40 qəpik əlavə olunaraq alıcılara təqdim edilir.
Hazırda Haqverdiyev təsərrüfatlarında şampinyonun 2 növü – adi ağ və “kral” becərildiyini deyir. “Kral” yeni gətirilən növdür, qəhvəyi rəngi var. Azərbaycanda hələ ki, alıcısı azdır. Amma digər ölkələrdə həm dadına, həm də görünüşünə görə bu növə daha çox tələbat var.