Xaçmaz-Quba-Şahdağ dəmir yolu layihəsinin taleyi haqqında məlumat əldə olunub. Bu barədə ShimalNews 26 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Gülnar Mustafayeva bu barədə hər hansı məlumatlarının olmadığını bildirib.

“Azərbaycan Dəmir Yolları” QSC- nin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova isə sorğunu bu cür cavablandırıb:

“Xaçmaz-Quba-Şahdağ dəmir yolunun layihələndirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2019-cu ilin 28 dekabr tarixli Sərəncamına əsasən, seçilmiş trassa üzrə əsaslı layihələndirmə işləri 2020-ci ildə tam başa çatdırılıb. Qeyd edilən istiqamət üzrə gələcəkdə tikinti işlərinə başlanması ilə bağlı Sərəncam olarsa, dəmir yolunun inşasına başlanılacaq”.

Ekspertlər isə ləngiməni 2020-ci ildə regionda baş verən köklü dəyişikliklərlə əlaqələndirirlər. Vətən müharibəsindən sonra yaranmış yeni reallıq prioritet olaraq, işğaldan azad edilmiş ərazilərimizə diqqətimizi cəlb edib. Bundan başqa, Zəngəzur dəhlizinin hazırlanması, yeni aeroportların tikilməsi aktual olub.

Amma hal-hazırda ölkəmizdə gedən siyasi-iqtisadi və hərbi stabilləşmə Şahdağa çəkiləcək dəmir yolu layihəsinə yenidən baxmağa imkan yaradır.

Sözügedən dəmir yolu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında müzakirə olunmuşdur. Dövlət başçısı “Şahdağ” Turizm Mərkəzinə və Qəbələdəki “Tufandağ” Trizm Mərkəzinə  dəmir yolu xəttinin çəkiləcəyi anonsunu vermişdir.