Həlimaşı – daha çox Qubaya xas olan hərisə (ət və buğdadan hazırlanan xörək) yeməyinin növüdür. Xörəyə, həmçinin “hambalaşı” deyilir. Həlimaşını daha çox qışda və ya xüsusi qonaq gələndə bişirirlər.

Həlimaşının özəlliyi onun eyni texnologiya ilə XII əsrdən bişirilməsidir. Digər özəlliyi isə çox doyumlu olmasıdır. Buna görə xörəyi, adətən, səhər tezdən yeyirlər.

Həlimaşı ətdən və yarmadan (yüksək qidalılıq dəyərinə malik olan kalorili məhsul) tam bişirilən xörəkdir. Onu bişirmək üçün iri qazanı vam oda qoyurlar. Qazanın üstündən bir quzunu və ya onun bir hissəsini elə asırlar ki, ət qazanın dibinə dəyməsin. Sonra qazana buğda yarması, su əlavə edib qaynadırlar və kəfini yığandan sonra duz, ədviyyat qatırlar, xörəyi 6-8 saat bişirirlər.

Xörək bişəndə quzunun əti tam əriyib yarmaya qarışır. Asılmış quzunu qazandan dartıb çıxaranda yalnız sümükləri çıxır. Süfrəyə verildikdə içərisinə əridilmiş kərə yağı qatıb, yeyilir.

Ehtimal edilir ki, X-XI əsrlərdə yaşayan fi­lo­sof və tibb ali­mi İbn Sina Həlimaşı haqqında məlumat verib. Onun sözlərinə görə, Həlimaşı – buğda yarmasından, ətdən və yağdan hazırlanmış qatı xörəkdir. İbn Sina bu yeməyi ərəbcə “Xarisa” adlandırır.

İstinad edilən mənbələr: