Xəzər dənizinin Xaçmaz rayon akvatoriyasında suiti tələfatının səbəblərinin araşdırılması məqsədilə araşdırmalar aparılıb. Bu haqda ShimalNews 23 yanvar tarixində AQTA-ya istinadən xəbər verir.

Bir müddət əvvəl dəniz sahillərində suiti cəsədlərinə rast gəlinmişdir. Tələfatın səbəblərinin araşdırılması məqsədilə AQTA, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin iştirakı ilə monitorinqlər təşkil olunub.

Xaçmaz, Şabran, Bakı və Sumqayıt şəhərləri, Xızı, Lənkəran, Astara, Neftçala və Salyan rayonları ərazisində sahilboyu zonalardan patoloji material nümunələri götürülüb. Nəticədə heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib.

Rusiyada alimlər isə molekulyar çəkisi atmosfer havasından ağır olan təbii qazların dənizin dibindən çıxmaqla suyun səthinə qalxması və hipoksiyanın yaranması nəticəsində burada tənəffüs edən suitilərin tələf olmasını ehtimal edirlər.

Tələfatın əsl səbəbi müəyyən edilərək rəsmi şəkildə elan olunmayıb. Hərçənd ki, seysmik aktivlik nəticəsində yaranan metan qaz zəhərlənməyə səbəb kimi qəbul edilir.