Yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Xaçmazda yoxlamalar keçiriləcək. Bu barədə ShimalNews 23 yanvar tarixində AQTA-ya istinadən məlumat verir.

Epizootoloji monitorinqlər 23-27 yanvar tarixlərində sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində keçiriləcək və laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək.

Eləcə də bu dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub

Monitorinqlərin təşkil olunması üçün Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.