Qara Yanvar hadisələrində 3 Quba sakini ağır yaralanaraq əlil olub. İki nəfər isə şəhidlik zirvəsinə ucalıb. Bu haqda ShimalNews 20 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.

“Qardaşım məndən iki yaş balaca idi. Əfqanıstanda hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda tikinti təşkilatlarından birində işə düzəlmişdi. Hər axşam yoldaşları ilə “Salyanskiy” kazarmasının yanına yığışıb, rus imperiyasına qarşı barışmaz mövqelərini bildirirdilər”, – deyə qubalı şəhid Elçin Qeybullayevin qardaşı İlqar söyləyib.

Faciə günü Elçin Prezident Aparatının yanına çatanda artıq rus qoşunları şəhərə daxil olmuşdu. O, özünü tankların qarşısına atan izdihamın içində idi.

Qardaşı onu bir çox xəstəxanalarda axtardı və təkrar “Semaşko”ya qayıdanda meyitini tapdı. Güllə sol tərəfindən dəymişdi, həmin yer açıq idi:
“Biz Elçini morqdan götürüb Qubaya gətirdik və doğulduğumuz Küçeyi kənd qəbiristanlığında dəfn etdik”.

Qeybullayevlər çoxuşaqlı ailə olublar. 21 yaşlı Elçinin 4 qardaşı və 3 bacısı var idi. Onun Qubada yaşayan kiçik bacısı Samirə Şirinova deyir ki, 20 yanvar günü kəndimizdə toy vardı:

“Anam toyda eşitmişdi ki, Bakıda bu gecə qırğın olub, gəncləri qırıb töküblər. Anamın ürəyinə elə orda danmışdı ki, Elçin də mütləq o odun-alovun içində olacaq. Çünki xasiyyətinə bələd idi. Ana ürəyinə daman, həqiqətən, düz çıxır.

Anam toydan yarımçıq qayıtdı və narahat idi. Axşam qardaşım İlqar gəlib deyəndə ki, Elçin yoxdu, anam elə bərk qışqırdı ki, bütün qonşular səsinə həyətimizə yığışdılar. Anamın qışqırtısı indi də qulağımdan getmir.

Qardaşım İlqar xəstəxanada eşitmişdi ki, yanvarın 19-dan 20-ə keçən gecə şəhid olan Elçin adlı gənc yaralananda öz qanı ilə yerə “Elçin” adını yazıb. Zəhərli güllənin deşdiyi sol qarın boşluğundan axan qan onu şəhid etmişdi”.

Qubalı şəhid ölümündən öncə adını qanla yerə yazıb
Foto BizimMedia.az
Qubalı şəhid ölümündən öncə adını qanla yerə yazıb
Foto BizimMedia.az