İsmayıllıdan olan 32 yaşlı Murad Süleymanlı cərrahi əməliyyat zamanı vəfat edib. Bu haqda ShimalNews 19 yanvar tarixində “Qafqazinfo”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə yanvarın 14-də baş verib. Öd kisəsi əməliyyatı üçün Qəbələyə gedən Murad narkoz veriləndən bir neçə dəqiqə sonra dünyasını dəyişib.

Mərhumun qardaşı Orxan Süleymanlı hadisənin həkim səhlənkarlığına görə baş verdiyini iddia edib:

“Qardaşımın səhhətində ciddi problem yox idi. Öd kisəsində sancılar olduğunu bildirirdi və imkan olanda gedib əməliyyatla öd kisəsini götürmək qərarına gəlmişdi. Hadisədən 1 gün əvvəl Qəbələyə gedib, həkim-cərrah Elşad Salehov onu müayinələrə göndərib. Nəticədə bildirib ki, əməliyyata tam hazırdır, ürəyində və digər orqanlarında problem yoxdur. Yanvarın 14-də qardaşım özü maşını sürərək, gülə-gülə Qəbələyə əməliyyata gedib. Atamla anam da onunla birgə gediblər. Vahid adlı anestiozoloq narkoz verdikdən bir qədər sonra gəlib deyib ki, oğlunuz vəfat etdi, xilas edə bilmədik”.

Bununla bağlı Süleymanlının ailəsi aidiyyəti qurumlara müraciət edib. Həmçinin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası və meyitin yarılmasını istəyiblər. Hadisənin nəzarətə götürülüb, səbəbkarların məsuliyyətə cəlb edilməsi xahiş edilib.

Şikayətlə bağlı TƏBİB-dən cavab olaraq bildirilib ki, müvafiq orqanlar tərəfindən faktla bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən əldə olunan cavaba əsasən, qeyd olunan faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Murad Süleymanlı ailəli idi, onun 2 uşağı qalıb.