DİM-in Xaçmaz regional bölməsində imtahanlarda zal nəzarətçilsi olacaq müəllimlər üçün təlimlər davam edir. Bu haqda ShimalNews 17 yanvar tarixində DİM-ə istinadən xəbər verir.

Keçirilən təlimlərdə təcrübəsi az olan müəllimlər iştirak edirlər. Burada əsas məqsəd imtahan texnologiyalarını və qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.

Seminarlarda, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə əsasən, istifadə olunacaq cavab vərəqlərinin doldurulması, açıq tipli test tapşırıqlarının (kodlaşdırılması tələb olunan və yazılı formada cavablandırılması tələb edilən test tapşırıqları) cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır, onların imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid təqdimat nümayiş etdirilir.