Şimal bölgəsində istismarı 20-30 metrə qədər olan qum-çınqıl yataqlarının istismarçıları ilə bağlı tədbirlər görülüb. Bu haqda ShimalNews 17 yanvar tarixində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadən xəbər verir.

Bugünkü mətbuat konfransında agentliyin idarə heyətinin sədr müavini Elçin Məcidov çıxış edib:

“Ölkə ərazisində ümumilikdə 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən, şimal bölgəsində-Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir. Ümumilikdə respublika üzrə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bunlardan 46-na Agentlik tərəfindən 2021-2022 ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib. Hərracda qalib olanlardan 10-u Quba və Qusar rayonları üzrə istismar işləri aparır”.

E.Məcidov əlavə edib ki, qum-çınqıl yataqları bərpa olunan sayılır. Onların istismar dərinliyi 5 metrə qədərdir. Quba, Qusar, Tərtər və İmişli  rayonlarında buna riayət etməyən karxanalar bağlanıb.

Daha öncə, “ShimalNews” yataqların dərinləşməsi və fəsadları ilə bağlı məqalələr dərc edərək məsələni daim nəzarətdə saxlayıb.