Xalq artisti Cavan Zeynallının həyat yoldaşı doğma Qusar rayonunda dəfn edilib. Bu haqda ShimalNews 16 yanvar tarixində Bizim.Media-ya istinadən xəbər verir.

“Röyanın dünyadan köçməsi məni çox sarsıtdı. Hələ də özümə gələ bilməmişəm (ağlayır). O sinir iflicindən dünyasını dəyişdi. İflic isə təzyiqinin yüksək olması səbəbilə baş verdi. Dəhşətli istilərdə, avqustun 14-də onun birdən-birə halı pisləşdi. Hətta əməliyyat da keçirdi. Həkimlər söylədilər ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşacaq. Amma onların dediyi kimi olmadı. Əksinə, səhhəti daha da pisləşdi. Dörd xəstəxanada müalicələr aldı. Hər gün gedirdim yanına. Amma bu müalicələr nəticə vermədi”, – deyə Cavan Zeynallı bildirib.

Röya Zeynallı Qusarda, qohumlarının torpağa tapşırıldığı məzarlıqda dəfn edilib:

“Bakıda onun torpağa tapşırılması üçün yer də danışdım. Amma yaxınları söylədilər ki, Röyanın valideynləri və iki qardaşı Qusarda dəfn olunub. Həyat yoldaşımı da son arzusu olaraq orada dəfn etdik. Çünki həm də yaxınlarının hər dəfə onun məzarını ziyarət etmək üçün Bakıya gəlib-getməkləri çətin olacaqdı. Artıq o torpağa tapşırılıb. Allah rəhmət eləsin”.