Fəlsəfə elmləri doktoru Abdulla Fətulla oğlu Əhədov 1928-ci ildə Qusar şəhərində anadan olub.

Abdulla Əhədov orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini isə fərqlənmə diplomu ilə bitirib. O, 1948-1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ictimai elmlər kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.

1961-ci ildə alim indiki Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının aspiranturasına daxil olub, namizədlik dissertasiyası müdafiə edib, burada baş müəllim, dosent vəzifələrində çalışıb. Əhədov 1968-ci ildə SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının Azərbaycan üzrə sədri vəzifəsinə yüksəlib, 17 il burada işləyib. O, nümunəvi işinə görə Azərbaycan SSR-nin “Şərəf nişanı” ordeni, dəfələrlə Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanları və müxtəlif medallarla təltif edilmişdir.

Əhədov dörd il Mədəniyyət Nazirliyinin ateizm muzeyinə rəhbərlik etmişdir. Buna baxmayaraq, o, sovet dövründə məscidlərin qorunub saxlanması, dinə inanan adamların adının ləkələnməməsi üçün işlər görmüşdür və dörd məscidin tikilməsini təşkil etmişdir.

Alim 1978-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəlsəfə kafedrasının dosenti seçilmişdir. O, 1988-ci ildə professor elmi dərəcəsini alır. 1993-2003-cü illərdə Əhədov indiki Azərbaycan İctimai-Siyasi Universitetində professor, dekan, kafedra müdiri vəzifələrində çalışıb.

Abdulla Əhədovun “Kimya möcüzələr yaradır”, “Kimya ifşa edir”, “Bizim mayaklar”, “Səadət əməkdədir”, “Əmək və din”, “İslam əsrin dalınca gedir”, “SSRİ-də şiəliyin özünəməxsusluğu” adlı əsərləri çap olunmuşdur. Həmçinin alimin məqalələri Moskvada “Elm və din” jurnalında, “Sovetlər İttifaqında şiələr” kitabı isə İranda nəşr olunmuşdur.

Onun əsərləri, həmçinin Gürcüstanda, Özbəkistanda və digər ölkələrdə çap edilmişdir.

Abdulla Əhədov 2003-cü ildə vəfat etmişdir.

 

Istinad edilən mənbələr:

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  • Davudov B.B., Ələsgərov B.A., Muradağayev M.S. Qusarın şanlı övladları. Bakı-2005.