“Quba rayonunun adət və qaydaları haqqında” əsəri Quba Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı Əhməd Əfəndi Çələbizadə tərəfindən 1935-1937-ci illərdə yazılıb. Əsər etnoqrafik material olduğundan burada Azərbaycan xalqının, xüsusilə də qubalıların adət-ənənələri, inancları verilmişdir. Əsərin məqsədi azərbaycanlıların adətlərini əks etdirmək və onları gələcək nəsillər üçün çatdırmaqdır.

Əlyazma üç hissədən ibarətdir. Birinci hissə “Quba rayonuna dair etnoqrafik materiallar” başlığı ilə verilmişdir və 57 adi məktəb dəftərindən ibarətdir. İkinci hissə 6 dəftərdən ibarətdir. Üçüncü hissə isə “Quba rayonunda olan dini adətlərə dair qeydlər” adlanır və 7 dəftərdən ibarətdir. Birinci hissə 1935-ci ildə, ikinci və üçüncü hissələr isə 1937-ci ildə buraxılıb.

Əsərin bir hissəsində insan sonsuzluğu, onun səbəbləri və müalicəsi haqqında məlumat verilib. Təzə doğulmuş uşaqlara dair inanclar, uşağın beşiyi başında oxunan bayatılar, advermə adəti, uşağa deyilən xoş sözlər, uşaq oyunları haqqında məlumat var.

Həmçinin Çələbizadə əsərdə toy adətlərinin incəliklərini bir-bir açıqlayır. Müəllif yoxsul və varlı evindən köçən qızların cehizlərinin fərqini izah edir. Çələbizadə əsərdə bayramları da işıqlandırır. Məsələn o, Novruz bayramı və Məhərrəmlik mərasimi haqqında məlumat verir.

Müəllif əsərin “Qubanın xörəkləri və onların qaydası” adlı hissəsində xörəklərin bişirilmə qaydasını izah edir və müxtəlif mürəbbələrin adları və onların bişirilməsindən bəhs edir.

Onun əsərində yuxu yozmasına dair da məlumat var. O, bir neçə yuxunun izahını göstərib.

1937-ci ildə Çələbizadənin repressiyaya məruz qalmasından sonra əsər uzun illər arxivdə saxlanılırdı. Tarix üzrə elmlər doktoru Tamilla Kərimova 2008-2009-cu illərdə Bakıda “Əhməd əfəndi Çələbizadə. Quba rayonunun adət və qaydaları haqqında” əsərini dərc edib.

 

İstinad edilən mənbələr:

  • Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarixi muzeyi. Bakı-2008.
  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.