FHN-in Şimal Regional Mərkəzi Xaçmaz rayonunda maarifləndirmə məqsədi ilə tədbir keçirib. Bu barədə ShimalNews 14 yanvar tarixində adıçəkilən nazirliyə istinadən məlumat verir.

Tədbir Nərəcan kənd tam orta məktəbində baş tutub. Burada fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Bu cür təlimlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.