Xaçmaz rayonunun Çaykənarı kənd sakini 10 ildən çoxdur ki, şəxsi təsərrüfatında müxtəlif ekzotik quşlar saxlayır. Bu barədə ShimalNews 13 yanvar tarixində Azərtac-a istinadən xəbər verir.

Qafqaz qırqovulu, tovuzquşu, yapon toyuqları, kəklik, tutuquşu, müxtəlif  toyuq və qaz növləri. Bütün bunlar 70 yaşlı Ömər Hacıbalayevin şəxsi təsərrüfatında bəslənir.

Bir vaxtlar Baykal-Amur magistralının tikintisində belə işləmiş təcrübəli mütəxəssis hələ uşaqlıqdan quşlara və heyvanlara xüsusi həvəslə yanaşıb. Onun 10 yaşı olanda şəhər evində tutuquşu, bülbül və balıqlar saxlayıb.

Artıq Ömər dayının hobbisi onun əsas məşğuliyyətidir və fermasındakı quşların sayı 100-ə yaxındır.

“Əvvəllər bu quşları yalnız maraq üçün saxlayırdım. İndi bu məşğuliyyətdən gəlir əldə edirəm. Ən bahalısı tovuzquşlarıdır. Böyüklərini 300-350 manata, balalarını isə 100-150 manata satmışam. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir. Qırqovulları alıcılara 25 manata təklif edirəm. Ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır. Heyratı, brahma toyuqların yumurtalarını istəyənlər də çoxdur”, – deyə təsərrüfatçı söyləyib.