Quba-Xaçmaz iqtisadi bölgəsində süni seleksiya yolu ilə əldə olunan alma sortunun tətbiqinə başlanılıb. Bu barədə ShimalNews 13 yanvar tarixində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna istinadən xəbər verir.

“Sədəf” alma sortunu aqrar elmləri üzrə elmlər doktoru, dosent Ələddin Sadıqov əldə edib. Bu almanın yetişməsi qış aylarına (oktyabr) təsadüf edir.

Ağacın özəlliyi onun ortaboylu, tərs piramida çətirli olmasıdır. Meyvəyə gəldikdə onun rəngi sarımtıl-qırmızı, örtücü rəngi al qırmızı, ləti sarımtıl və şirəlidir. Dadı turşaşirindir, çəkisi isə 155-170 qr-dır.

Ələddin Sadıqov 300-dən çox alma sortunun təsərrüfat-bioloji xüsusiyyətlərini öyrənib və 130-dan artıq elmi məqalə dərc edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Tərəqqi” medalına layiq görülüb.