Kənd təsərrüfatı naziri İnam Kərimov Xaçmazda vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 12 yanvar tarixində nazirliyə istinadən məlumat verir.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında bu gün baş tutan görüşdə nazir digər rayonlardan olan sakinlərin müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir və Xaçmaz RİH-nin başçısı Elnur Rzayev Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar. Görüş zamanı 30 nəfərin müraciətinə baxılıb.

Qaldırılan məsələlərin əksər hissəsini fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və s. təşkil edib.