Avaran kənd məscidi Qusarın eyniadlı kəndində yerləşir. Məscid 2006-cı ildə iki dəfə Məkkədə olmuş Gülzada Osmanova tərəfindən inşa olunub.

Avaran məscidi xarici görünüşünə görə Quba şəhər Cümə məscidini xatır­ladır. Lakin öz konstruktiv xüsusiyyətlərinə, özəlliklə də qübbənin quruluşuna görə fərqlənir. Məscidin qübbəsi Qubadakı Cümə məscidindən fərqli olaraq yüngüldür. İbadət evi bir mərtəbədən ibarətdir. Məscidin damı dəmir təbəqə ilə örtülüb. İbadətgahın həyətyanı sahəsi hasara alınıb.

Kənddə iki məscid də mövcud olub. Birinci məscid haqqında məlumat yoxdur. İkinci məscid 1829-cu ildə inşa olunub. Ehtimal edilir ki, ikinci məscidin kitabəsi birinci məsciddən götürülüb.

 İstinad edilən mənbələr: 

  • Şamil Fətullayev-Fiqarov. XIX əsr-XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Bakı-2013.
  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.