Qubada tələbələr üçün “CyberCamp 2023” qış düşərgəsi təşkil ediləcək. Bu barədə ShimalNews 11 yanvar tarixində Təhsil İnstitutuna istinadən xəbər verir.

Düşərgə fevralın 4-dən 9-dək “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə davam edəcək.

Layihənin məqsədi tələbə və gənclərin kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək, onları karyera hədəflərinə çatdırmaq, bir mühitdə toplamaqdır.

“CyberCamp” iştirakçılarının aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərinin təşkili planlaşdırılır:

  • Veb-proqram təminatlarında rast gəlinən və “TOP 10 OWASP” üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında);
  • Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;
  • Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar;
  • Kriptoqrafiyaya aid tapşırıqlar.

Qış kampında aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:

  • Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr;
  • Sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri.

Qeydiyyat üçün (keçid: https://forms.gle/n79cyKA7VPknRWcH6) müraciətlərin son qəbul tarixi: 16 yanvar 2023-cü ildir.

Əlaqə telefonu: +99499 899 01 11

Elektron ünvan: [email protected] (mövzu yerinə qeyd: Cybercamp).

İştirakçıların ilkin biliklərinin yoxlanılması yanvarın 21-i test imtahanı ilə təşkil ediləcək. Uğur qazanan şəxslər kampda iştirak hüququ qazanacaqlar.