Şagird və tələbələr arasında “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə start verilib. Bu barədə ShimalNews 10 yanvar tarixində Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.

Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Qaliblər 4 may 2023-cü il tarixində Bakı şəhərində yekun konsertdən sonra diplom və hədiyyələrlə təltif olunacaqlar.

Yarış 4 nominasiya – şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs üzrə 3 mərhələdə keçirilir.

I mərhələ 9 yanvar-28 fevral tarixlərində keçirilir.

Bu mərhələdə peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən hər nominasiya üzrə iştirakçılar müəyyənləşdirilir və onlar haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı, şəxsiyyət vəsiqəsinin surəti) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına ([email protected]) göndərilir.

II mərhələ 1 mart-4 aprel tarixlərində zonalar üzrə keçirilir. Bu mərhələyə müsabiqənin I mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar qatılır:

  • 14 mart saat 12:00-da İsmayıllı peşə və orta ixtisas təhsili müəssisələri üzrə İsmayıllı Peşə Tədris Mərkəzində;
  • 17 mart saat 12:00-da Xaçmaz, Quba, Siyəzən, Qusar, Xızı, Şabran peşə və orta ixtisas təhsili müəssisələri üzrə Sumqayıt Musiqi Kollecində.

 

III mərhələ – respublika mərhələsi 6-10 aprel tarixlərində keçirilir. Zonada hər nominasiya üzrə I yeri tutan iştirakçılar respublika mərhələsində iştirak etmək hüququ qazanırlar.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

  • Bəstəkar mahnıları, təsnif və xalq mahnıları nominasiyaları üzrə təqdim olunan mahnıların ifası 3-4 dəqiqədən çox olmamalıdır (təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər);
  • Şeir nominasiyası üzrə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır (iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər);
  • Rəqs nominasiyası üzrə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır (iştirakçılar milli rəqs geyimində olmalıdırlar).

Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 370 86 22, +994 55 539 55 22 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.