Qusarın Həsənqala kənd sakinləri internet və telefon xətlərinin olmamasından çətinlik çəkirlər. Bu barədə ShimalNews 10 yanvar tarixində Oxu.az-a istinadən məlumat verir.

“Bizə qeyri-rəsmi verilən cavablara görə, dirəklərdə və qovşaqların portlarında yer yoxdur, ona görə xəttin çəkilməsi mümkün deyil. İllərdir bu problem öz həllini tapmır. Qonşu kəndlərdə telefon xətti, internet olsa da, Həsənqala kəndində vəziyyət illərdir düzəlmir”, – deyə sakinlər bildirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC məsələni cavablandırıb:

“Qusarın Həsənqala kəndində 70 ev təsərrüfatı Balaqusar kənd EATS-dən fiziki xətlə (ADSL) telefonlaşıb və sakinlər internetdən istifadə edirlər. 2024-cü ilin sonuna kimi kəndin yüksəksürətli internetlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin GPON və digər texnologiyalar vasitəsilə genişzolaqlı xidmətlərlə təmin edilməsi planlaşdırılır”.