Niyətşah Səfər oğlu Nemətov 1928-ci ildə keçmiş Qonaqkənd, indiki Quba rayonunun Qayadalı kəndində anadan olub.

Niyətşah ilk öncə Qayadalı kəndində, sonra isə Yerfi və Qonaqkənd məktəblərində təhsil alıb. O, 1942-ci ildə, 14 yaşında ikən orta məktəbdə oxumaqla yanaşı, keçmiş Qonaqkənd rayon rabitə şöbəsində poçtalyon kimi çalışıb.

Niyətşah daha sonra Marksizm-Leninizm Universitetini və M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirmişdir.

O, müxtəlif illərdə Qonaqkənddə, Saatlı rayonunda və Bakı şəhərində rabitə şöbəsinin rəisi, 1971-ci ildən isə Bakı şəhər poçtamtının rəisi işləmişdir.

Niyətşah Nemətov bir sıra medallarla təltif olunmuş, Əməkdar rabitə işçisi adına, 2006-cı ildə rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında xidmətinə görə fərdi təqaüdə layiq görülmüşdür.

Tahir Həsənlinin yazdığı “Yerfililər” kitabında Niyətşah Nemətov haqqında belə deyilmişdir: “İşlədiyi müddətdə öz səlahiyyəti daxilində təkcə yerfililərə deyil, o cümlədən qubalılara dəstək, dayaq olmuşdur. Bir çox gənclərin təhsil almasında, iş tapmasında, Bakı şəhərində ev almasında vasitə, kömək olmuşdur”.

Niyətşah Nemətov 2007-ci ildə vəfat edib.

İstinad edilən mənbələr: