Nabranda tikilən evin Azərbaycanda bənzəri yoxdur. Bu barədə ShimalNews 10 yanvar tarixində Apa TV-yə istinadən məlumat verir.

Bünövrəsi daş, divarları isə şüşədəndir. Bu evin tikintisinə kənd sakini Baləhməd Xanbabayev 4 il və 60.000-dən çox şüşə butulka sərf edib. O, 2011-ci ildə 3 otaq, mətbəx və sanitar qovşağı inşa edib.

B.Xanbabayev rəhmətə getdikdən sonrada şüşə evdə həyat davam edir. Burada onun qohumları Şəmsibanu Seyidova, onun qızı və nəvəsi məskunlaşıb. Onlar butulka evin olduqca rahat və isti olduğunu bildirirlər.

Yayda tamamilə yaşıllıqla əhatə olunan butulka evi seyr etməklə yanaşı, burada gecələmək istəyənlərə də tez-tez rast gəlinir. Seyidovlar ailəsi evi gündəlik 20-30 manata kirayə verərək, gəlir əldə edirlər.

Azərbaycanın başqa bölgələrində də butulkadan istifadə edilməklə tikilən evlər var. Amma həmin evlərdə butulkadan tikinti materialı kimi çox az istifadə olunub. Nabrandakı ev isə tamamilə şüşə butulkalardan ibarətdir.

Nabrandakı butulka ev xarici ölkələrdə də tanınır. Onun haqqında bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıb. Bu yaxınlarda isə yeni çəkilən filmlərdən birinin bəzi səhnələri bu evdə lentə alınıb.