Bu gün nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günüdür. Respublikanın Əməkdar incəsənət xadiminin 69 yaşı tamam olur.

Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. O, Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra “Pravda” kolxozunda işləyib. Daha sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Şair “Molla Nəsrəddin” jurnalının baş redaktoru vəzifəsində çalışıb. 1991-ci idə isə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü seçilib.

Ədəbi fəaliyyətə 1976-ci ildə “Ulduz” jurnalında çap etdirdiyi “Bir yaz axşamı”, “Maqazinçi Dadaş” hekayələri ilə başlamışdır. Məsimovun mindən artıq şeirinə mahnı bəstələnib. Baba Vəziroğlu “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir.

Baba Vəziroğlunu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik.