1930-cu ildə Xaçmaz rayonunun təşkil olunmasından sonra, 1932-ci ildə “Qırmızı Xaçmaz” adlı qəzet partiya və sovet orqanı kimi təsis edilmişdir. Qəzet əvvəllər Azərbaycan və rus dillərində nəşr olunurdu, onun məsul redaktoru isə Abdulla Abdullayev idi.

Qəzetin ilk nömrəsi çap olunmaq üçün Bakıya göndərildi. Lakin həmin zaman Bakıda “İnternasional” mətbəəsində iş çox olduğundan qəzet bir həftə gec nəşr edildi. Nəticədə qəzetin sonrakı nömrələri Qubada çap olunurdu. Birillik fəaliyyətindən sonra isə qəzetin öz mətbəəsi yaradıldı.

Qəzet 1938-ci ildə “Döyüş postunda” adı ilə Azərbaycan və rus dillərində nəşrini davam etdirib. 1948-ci ildən “Döyüş yolunda” adı ilə, 1954-cü ildən isə 2 səhifəlik “Tərəvəzçi” adı ilə nəşr olunub.

1963-cü ildə Xaçmaz rayonu Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ləğv olunub. Xaçmaz rayonu Quba rayonunun tərkibinə daxil ediləndən sonra qəzetin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.

1965-ci ildə Xaçmaz rayonu yenidən bərpa edildi, bununla əlaqədar rayon qəzeti “Dostluq” adı ilə çapa başladı. “Dostluq” qəzeti əvvəl Quba mətbəəsindən gətirilmiş köhnə çap maşınında nəşr olunurdu. 1970-1980-ci illərdə redaksiya və mətbəənin maddi-texniki bazası möhkəmləndirilmişdir, jurnalist və texniki kadr potensialının səviyyəsi isə yüksəldilmişdir.

“Dostluq” qəzeti Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmiş, Azərbaycan Jurnalistlər Birliyinin keçirdiyi baxış müsabiqələrdə dəfələrlə qalib kimi müxtəlif mükafatlara layiq görülmüşdür.

2002-ci ildən bu günə kimi qəzet “Xaçmaz” adı ilə fəaliyyət göstərir.

Fəaliyyəti boyu qəzetin bir neçə redaktoru olub: Yusif Yusifzadə, Bahadur Musayev, Nizam Qasımov, Camal Budaqov, Nuhbala Yarəliyev, Sədulla Şahverdiyev, Fikrət Orucov, İlham Cəfərov və s.

İstinad edilən mənbələr: