Astronom Nadir Baba oğlu İbrahimov 28 dekabr 1932-ci ildə Qubada misgər ailəsində anadan olub. Onun adına Marsda iki krator var: “Quba” və “İbrahimov” kraterləri.

Nadir İbrahimov 1956-cı ildə orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. Daha sonra o, Şamaxı Astrofizika Rəsədxanasında çalışıb.

İbrahimov Rəsədxanada Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olub. O, 1966-cı ildə Ukrayna Elmlər Akademiyasının alimi N.P.Barabaşovun rəhbərliyi altında Xarkovda “Marsın inteqral spektrometriyası” mövzusunda dissertasiya müdafiə edib.

1971-ci ildə Şamaxı Astrofizika Rəsədxanasında o vaxt Sovet İttifaqında böyüklüyünə görə ikinci olan ikimərtəbəli teleskop işə düşdükdən sonra İbrahimov Mars planetini böyük qarşıdurma zamanı müşahidə edib.

İbrahimov, həmçinin Saturn, Venera, Uran və Neptun planetlərinin tədqiqi ilə məşğul olub. O, Marsda bənövşəyi rəngli buludların planetdə gecə və gündüzün bərabərləşdiyi vaxtda daha güclü olmasını müəyyənləşdirib. Alimin teleskopı ilə çəkdiyi Marsın şəkilləri o dövrün dəyərli nümunələrindən hesab edilir.

1976-cı ildə Mars planetində kratorların biri “Quba” adını almışdır. 1982-ci ildə isə Beynəlxalq Astronomiya İttifaqının Yunanistanın Patros şəhərində keçirilən Baş Assambleyası Marsa dair araşdırmalarını yüksək qiymətləndirib və bu planetin səthindəki kraterlərin birinin onun adı ilə adlandırılmasına qərar verib. Kraterın adı “İbrahimov”dur.

Nadir İbrahimov 1 yanvar 1977-ci ildə ürək çatışmazlığından vəfat edib. O, Quba şəhərində dəfn olunub.

Hazırda alimin Qubada yaşadığı yerdə küçələrin birinə onun adı verilib.

İstinad edilən mənbələr: