Quş qripinin qarşısını almaq üçün tədbirlər həyata keçirilib. Bu barədə ShimalNews 27 dekabr tarixində AQTA-ya istinadən məlumat verir.

Məlumata görə, xəstəliyin yayılması başlıca olaraq köçəri quşlar vasitəsilə, həmçinin xüsusi risk daşıyan quşçuluq məhsullarının idxalı zamanı baş verir.

Bununla mübarizə üçün Qida Təhlükəsizliyi Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.

Xaçmaz, Quba, Şabran, Siyəzən rayonlarındakı sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində quşlardan laborator müayinə üçün qan nümunələri götürülüb. Eləcə də ərazilərə ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Nəticədə xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Monitorinqlərin aparıldığı dövr ərzində, eləcə də təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.