Dövlət xadimi Əziz Əliyevin xatirə muzeyi Xaçmaz şəhərində, Xalça muzeyinin yaxınlığında yerləşir. Muzey 2013-cü ildə Əziz Əliyevin həyat və fəaliyyəti ilə tanış olmaq məqsədilə yaradılmışdır.
Muzeyin məhz burada yaradılmasının səbəbi Xaçmazın Azərbaycan və Dağıstan sərhədində yerləşməsidir. Dağıstandan gələn qonaqlar buradan keçib muzeyi ziyarət edə bilirlər. Əziz Əliyevin təkcə Azərbaycan deyil, Dağıstan xalqının tarixində də xidmətləri olub. O, Böyük Vətən müharibəsi illərində Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi çalışıb. Əliyev Dağıstanda yaşayan xalqların deportasiyasının qarşısını almışdır. Dövlət xadimi dəfələrlə SSRİ, Azərbaycan SSR və Dağıstan MSSR Ali Sovetlərinə deputat seçilmişdir.
Muzey binası bir zaldan və iki otaqdan ibarətdir. Mərkəzdə görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 100-ə yaxın foto və rəsmi sənədlər saxlanılır. Muzeyin qarşısında isə Əziz Əliyevin büstü qoyulmuşdur.
Görkəmli dövlət xadimi Əziz Əliyev elm xadimləri Zərifə Əliyeva, Cəmil Əliyev və Tamerlan Əliyevin atasıdır. O, 1 yanvar 1897-ci ildə keçmiş İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. Əziz Əliyev 27 iyul 1962-ci ildə vəfat edib və Bakıda, I Fəxri xiyabanda dəfn edilib.
İstinad edilən mənbələr:
- Xalq qəzeti.- Xaçmaz: müstəqillik illərinin uğurları.-13 oktyabr 2016.
- Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı-2014.
- http://www.xachmaz-ih.gov.az/az/page/16.html
- https://www.aznews.az/news/region/45276.html