Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının din xadimləri İranın siyasətinə etiraz bəyanatı yayıblar. Bu barədə ShimalNews 23 dekabr tarixində Report-a istinadən məlumat verir.

2020-ci ildə Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyir. Din xadimləri qonşu dövlətin buna qarşılıq vermədiyini səsləndiriblər:

“Təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət və açıq düşmənçilik meyilləri ilə qarşılanır. Bu təəssüf doğurucu hal qonşu İran dövləti ilə bağlı haqlı narahatlıq doğurur. Təəssüflər olsun ki, İran öz siyasəti ilə yanaşı, dindən də istifadə edərək Azərbaycanda ictimai sabitliyi, vətəndaş birliyini pozmaq, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istərsə də ölkə xaricində məqsədyönlü təxribat aparmaq niyyətindədir”.

Bildirilib ki, əsrlər boyu İran ilə Azərbaycanı bir-birinə bağlayan dini və milli dəyərlər 2 dövlət arasında dostluğa və qardaşlığa çevrilib. Amma Azərbaycanın yarası olan Qarabağ məsələsi həllini tapana qədər və ondan sonra İran Ermənistana yaxın münasibət bəsləyib və buna davam edir. Din xadimləri münaqişə və müharibənin səbəbkarı olan təcavüzkar Ermənistana qarşı yaxın münasibəti pisləyirlər:

“67 müsəlman məscidindən 65-ni dağıdan, təhqir edən Ermənistan kimi bir ölkə ilə bütün sahələrdə əməkdaşlıq etmək müsəlman ölkəsinə yaraşan bir siyasət deyil”.

Şimal bölgəsinin din xadimləri İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan ediblər:

“Biz, din xadimləri bəyan edirik ki, daim dövlətimizin və Ali Baş Komandanımızın siyasətini dəstəkləyib dinindən və millətindən asılı olmayaraq, dövlətimizə qarşı yönəlmiş hər bir təhlükədə iradəmizi ortaya qoyaraq cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşmişik. Heç bir qüvvə bizi bu fikrimizdən döndərə bilməz. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirdiyi siyasi xətti bu gün də Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bir daha İranın İslam düşmənlərinə qarşı bu siyasətini qınayaraq öz etirazımızı bildiririk”.

Daha əvvəl Azərbaycanın Qərb və Aran rayonlarında din xadimləri bununla bağlı bəyanat qəbul etmişdirlər.