Fətəli xanın vəfatının səbəbi haqqında iki versiya mövcuddur.

Bir versiya onun xəstələnməsi ilə bağlıdır. Qubalı Fətəli xan 1789-cu ildə Şamaxıda Gürcüstan çarı II İrakli ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə danışıqlar aparmışdır. Lakin sonra o, qəflətən xəstələnib, vəfat etmişdir.

Digər fikir isə Quba xanlığını ələ keçirmək istəyən II İraklinin Fətəli xanı zəhərləməsi ilə əlaqəlidir.  Fətəli xan gürcü hökmdarına rəsmi məktub göndərərək, ondan xanlığın işinə qarışmamasını tələb edib. Lakin bu tələbi II İrakli qəbul etməyib.

Buna görə onlar Şamaxıda görüş təyin ediblər. Ehtimal edilir ki, nahar zamanı Fətəli xanı zəhərləyiblər. Həmin zəhər ona dərhal yox, bir müddət sonra təsir göstərib.

Buna görə bir neçə gündən sonra Fətəli xan Qubaya yola düşəndə xəstələnir və şiddətli qızdırmaya tutulur. Fətəli xan sürətlə Şirvana, sonra isə Bakıda yaşayan bacısı Xədicə Bikənin (Bakı xanı Hacı Məlik Məhəmməd xanın həyat yoldaşı) yanına gəlir. Son günlərində bacısı ilə danışan Fətəli xan bu sözləri təkrar edirdi: “Mənə xəyanət etdilər, II İraklinin məni zəhərləyəcəyini bilə-bilə xəbərdar etmədilər”.

22 (23) mart 1789-cu ildə qubalı Fətəli xan Bakıda vəfat edib və Bibiheybət məscidinin həyətində dəfn edilib. 1936-cı ildə onun qəbri sovet hökuməti tərəfindən dağıdılıb.

Ehtimal edilir ki, Azərbaycan Tarix Muzeyinin o vaxtkı direktoru Mövsüm Sənanzadə qəbir daşını evinə aparıb gizlətmiş, onu məhv olmaqdan qoruya bilmişdir. Daha sonra arxeoloq və etnoqraf İshaq Cəfərzadə qəbir daşını Milli Azərbaycan Tarix Muzeyinə vermişdir. Hazırda qubalı Fətəli xanın qəbir daşı orada saxlanılır.

 

İstinad edilən mənbələr:

  • A.Bakıxanov. Gülüstani-İrəm. Bakı-1951.
  • В.Н.Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. Баку-1948.
  • İbişov Salman Ərzuman oğlu. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı-2012.
  • Рудольф Гиль. Привет из Баку. Баку-2014.
  • П.Н.Валуев. Фатали-хан Кубинский. Баку-1942.
  • Искендер Бек Гаджинский. Жизнь Фатали хана Кубинского. Баку-1959.
  • https://aztimes.az/quba-xani-f%C9%99t%C9%99li-xanin-sirli-olumu-gurcu-x%C9%99yan%C9%99ti/