Şəhid Rəvan Əliyevin ailəsi ADPU-nun Quba filialının müəllim və tələbə kollektivi tərəfindən ziyarət edilib. Bu haqda ShimalNews 15 dekabr tarixində universitetə istinadən məlumat verir.

Ziyarət zamanı filialın direktoru dosent Yusif Alıyevin və filial kollektivinin adından şəhidin anası Mehriban Əliyevaya təşəkkür və minnətdarlıq məktubu təqdim edilib. Ailə ilə görüşə THİK sədri, Tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi Aygün Şıxbabayeva, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, TGT sədri Nicat Piriyev, filialın Riyaziyyat müəllimliyi ixtisasının II tədris ili tələbələri gəliblər. Onlar  şəhidin ev-muzeyi ilə yaxından tanış olub, şəhidin adına ucaldılan Bulaq kompleksini ziyarət ediblər.

Rəvan Əliyev 27 may 2001-ci ildə anadan olub. 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2019-cu ildə hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgərlə birlikdə döyüşlərə könüllü olaraq qoşulub.

Zəngilan uğrunda gedən döyüşlərdə oktyabrın 23-ü yeddi könüllü əsgərin hamısı şəhid olub. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar.

Rəvan Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.