Qusar və İsmayıllıda “Birlikdə üzək” adlı üzgüçülük yarışları keçiriləcək. Bu haqda ShimalNews 15 dekabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Üzgüçülər İsmayıllı və Qusar Olimpiya İdman Komplekslərində dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında mübarizə aparacaqlar.
“Birlikdə üzək”də iştirak ödənişsizdir. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) qalib elan ediləcək və hovuzlara abunəlik qazanacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək.
Qeydiyyat üçün [email protected] elektron poçt ünvanına adınızı, soyadınızı, yaşınızı, telefon nömrənizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) mümkündür.
“Birlikdə üzək” adlı yarışın əsas məqsədi su idman növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.