Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubada, din xadimi və Quba Cümə məscidinin imamı Əbdülrəhim Əfəndinin ailəsində anadan olub. O, Qubada ilk dəfə Tarix-Diyarşünaslıq Muzeyini yaratmışdır.

Əfəndi ibtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb. Burada o, ərəb və fars dillərini öyrənib. Daha sonra Çələbizadə Tiflisdə Cənubi Qafqazın ruhani məktəbində təhsil alıb.

Çələbizadə 1913-cü ildə Qubaya qayıdıb, burada Cümə məscidində atasının köməkçisi və ruhani kimi fəaliyyət göstərib. Əfəndi bundan əlavə, məscidin yanında yerləşən mədrəsədə müəllimlik edib.

Əhməd Əfəndi 1921-ci (1922) ildə, atasının vəfatından sonra Cümə məscidinin xatibi seçilmişdir. Lakin 1930-cu ildə sovet hakimiyyətinin təzyiqi altında o, könüllü şəkildə mollalıqdan əl çəkdiyini qəzetlərdə elan etmişdir.

Əhməd Əfəndi Çələbizadə 1924-1935-ci illərdə Azərbaycanın tarixi və mədəniyyətinə aid materialları toplayıb, Cümə məscidinin yanında – dərs dediyi mədrəsədə muzey yaratmışdır. Muzeydə saxlanılan eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus idi. Həmçinin o, dəyərli əşyaların muzeyə verilməsi məqsədilə idarə və təşkilatlar və ayrı-ayrı şəxslərlə əlaqə saxlamışdır.

Çələbizadə tədqiqatçı-etnoqraf kimi də fəaliyyət göstərib. 1930-cu ildə Əfəndinin təşəbbüsü və Azərbaycanın ilk etnoqraflarından biri Ələsgər Ələkbərovun tövsiyəsi ilə Quba bölgəsinin etnoqrafiyasına aid çöl tədqiqat işləri aparılmışdır.

Əhməd Əfəndi Çələbizadə “Quba rayonunun adət və qaydaları haqqında” əsərinin müəllifidir. Əsər 1935-1937-ci illərdə yazılıb və hazırda Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Həmin əsər etnoqrafik material olaraq, Azərbaycan xalqının, xüsusən də qubalıların adət-ənənələri, inanclarını əks etdirir.

Çələbizadənin antisovet fəaliyyəti keçmiş hökumətin xoşuna gəlmir və o, 1937-ci ilin avqustunda repressiyaya məruz qalır, həmin ilin 1 sentyabrında isə Bakı şəhərində güllələnir. Nəticədə muzeyin fəaliyyəti dayandırılır, eksponatlar və Əfəndinin əşyaları məhv olunur, kitabları isə yandırılır. 6 noyabr 1956-cı ildə isə Əhməd Əfəndi Çələbizadəyə bəraət verilir.

 İstinad edilən mənbələr:

 Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarixi muzeyi. Bakı-2008.