Quba-Xaçmaz Regional Təhsil İdarəsi qış aylarında isidilməsində çətinlik olan məktəblərlə bağlı açıqlama verib. Bu barədə ShimalNews 3 dekabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Təhsil idarəsinin təsərrüfat-istismar qrupunun rəhbəri Tamerlan Nəcəfovun sözlərinə görə şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında məktəblərin 175-i odun, 37-si dizel və 42-si elektriklə qızdırılır.

T.Nəcəfov bildirib ki, kəndlərin bəzilərində qaz xətti var. Lakin məktəblər odunla qızdırılır. Buna səbəb təbii qaz xəttinin çəkilməsi üçün texniki şərtin olmamasıdır.

Qrup rəhbəri onu da əlavə edib ki, Quba-Qusar rayonlarının 7 məktəbində odun yanacağı ilə təminatda müəyyən çətinliklər səbəbindən bir qədər gecikmə qeydə alınıb. Hazırda həmin məktəblərdən ikisinə yanacaq çatdırılıb. Qalan 5 məktəb həftə ərzində təmin olunacaq. Ucqar kəndlərdə isə siniflərin biokömür-odun ilə isidilməsi nəticə verməzsə, həmin məktəblərə odun verilə bilər. Bu mənada təhsil müəssisəsi məsələni qaldırmalıdır.

Mövzu ilə bağlı bildirək ki, Xaltanda təhsil alan məktəblilər çoxdan bu mövzunu qaldırıblar və həllini gözləyirlər.