Ölkə üzrə tikiləcək 10 su anbarının 3-ü Quba rayonunun payına düşəcək. Bu barədə ShimalNews 3 dekabr tarixində AzTV-yə istinadən məlumat verir.

Qubanın 26.000 hektar əkin sahəsi dağ çayları ilə suvarılır. Yayda su azalanda çətinliklər yaranır. Fermerlər milioratorlarda çayların üzərində su anbarları və su tutarlarının tikilməsini zəruri sayırlar.

“Keçən ilə baxanda bu il su yaxşı olub. Təkcə iyul-avqust aylarında bir balaca problem oldu. Biz istərdik ki, Qaraçayın üzərində su anbarı quraşdırılsın. Yəni suyumuz həmişə olsun, camaat su sarıdan çətinlik çəkməsin”, – fermer Şərəfulla Əzimov söyləyib.

Mütəxəssislər artıq Qubada olub və araşdırma aparıblar. Nəticədə su tutarlarının tikiləcəyi yerlər müəyyənləşib. Qudyalçay, Vəlvələçay və Qaraçay çaylarının hər birinin üzərində su anbarının inşa olunması nəzərdə tutulub.

Rayonun illik su tələbatı 100 milyon kub metr təşkil edir. Su anbarlarının tutumu 55, 45 və 40 milyon kub metr olacaq. Onların tikintisinin hətta Bakı və Sumqayıta da xeyri olacaq.

“Bu su anbarlarının tikintisi ilə bağlı layihələndirmə işləri aparılmaqdadır. Layihələndirmə işləri yekunlaşdıqdan sonra layihələrin hökümətə təqdim olunacağı və anbarların inşasının başlaması nəzərdə tutulur”, – Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Samir Məmmədhüseynov bildirib.