Xaçmaz rayonunun Arzu kəndində baş vermiş qətlin təfərrüatı açıqlanıb. Bu barədə ShimalNews 25 noyabr tarixində Ölkə.Az-a istinadən məlumat verir.

50 yaşlı İlqar Novruzov həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb.

İş üzrə dindirilmiş Məhərrəmov ifadəsində bildirib ki, mərhumu qəsdən öldürmək fikri olmayıb. 2015-ci ildən etibarən İlqar hər dəfə sərxoş halda Gündüzün qarşısına çıxanda təhqir edib. Məhərrəmov bütün bunlara məhəl qoymamağa çalışıb, Novruzov içkili olduğuna görə onu bağışlayıb.

İlqar bu hərəkətləri ilə kifayətlənməyib. Gündüzün mobil nömrəsini taparaq gecə saatlarında ona zəng edib və öldürməklə hədələyib. Sonuncu bu hallara birdəfəlik son qoymaq qərarına gəlib. Bu məqsədlə axşam vaxtı Novruzovun yaşadığı daxmaya gedib və süfrə arxasında yenə söyülüb.

Çölə çıxaraq Gündüz İlqardan üzr istəməsini tələb edib, gərginlik daha da artıb. Əsəblərini cilovlaya bilməyən Məhərrəmov bıçaqla Novruzovun başından bir neçə zərbə vurub. Sonuncu zərbələrin heç bir təsiri olmadığı kimi onun üstünə cumub. Dalaşaraq onlar yol kənarına gəliblər və orada Novruzova təkrar bıçaq vurulub və o yıxılıb.

Gündüz Məhərrəmov ifadəsinin davamında bildirib ki, bıçağı cibinə qoyaraq yaxınlıqda yerləşən çayxanaya gəlib. Orada əmisi oğlunu görüb və hadisəni ona danışıb. Evə gələrək təzə şalvar və köynək geyinib və yenidən küçəyə çıxıb. Anası onun paltarlarını yuyarkən cibindən tapdığı bıçağı ayaqyoluna tullayıb.

İlqarın xəstəxanada öldüyünü Məhərrəmov polis şöbəsində hadisə ilə bağlı ifadə verərkən öyrənib.

Məhkəmənin hökmü ilə Gündüz Məhərrəmov CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Zərərçəkmiş şəxsin hüquqi varisi isə təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib.