Bu gün AQTA-nın sədri Qoşqar Təhməzli İsmayıllıda vətəndaşları qəbul edib. Bu haqda ShimalNews 24 noyabr tarixində agentliyə istinadən məlumat verir.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub. Burada İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib, onların ərizə və şikayətlərinə baxılıb.

Müraciətlər, əsasən, regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarların fəaliyyəti ilə bağlı olub. O cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla bağlı agentlik tərəfindən həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlər qaldırılıb.

Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən şəxslərin müraciətlərinə də baxılıb.