“Yalama” dəmiryol stansiyasında qatarların sayının artırılması üçün potensial var. Bu barədə ShimalNews 23 noyabr tarixində Report-a istinadən məlumat verir.

Hazırda stansiyada yüklərin hərəkətinə şərait yaradan əlavə işlər (işıqlandırma, hərəkətin təhlükəsizliyinin təmin edilməsi) həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun sözlərinə görə, Rusiya və Azərbaycan dəmiryol xətləri arasında birləşmə Yalama stansiyasında həyata keçirilir: “İkitərəfli razılaşmaya əsasən, iki istiqamətdə yük dövriyyəmiz gündə 20 qatara, yəni hər istiqamətdə 10 qatara çatır. Bundan əlavə, müstəsna hallarda bu rəqəmin birtərəfli 12-yə çatdırılması ilə bağlı razılaşmamız var. Ancaq bu da maksimal hədd deyil.

Rusiya istiqamətində əsas çətinlik ondan ibarətdir ki, Biləcəri-Yalama dəmir yolunun hissəsi yenidən qurulur, rekonstruksiya edilir və biz ondan tam istifadə edə bilmirik. Biz bütün işləri tez bir zamanda başa çatdırmağa çalışırıq, çünki bu seqmentin tam istismara verilməsi yolun ötürücülüyünü iki dəfə artıracaq”.

Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Layihə üzrə işlər Dünya Bankı və Fransa İnkişaf Agentliyinin kreditləri, eləcə də Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Fransa İnkişaf Agentliyi bu dəmir yolunun tikintisi üçün Azərbaycana 112.5 milyon avro məbləğində kredit ayırıb.