Ağacəkmə mövsümü ilə əlaqədar bir çox fermerləri qələmlərin qiymətləri maraqlandırır. Bu barədə ShimalNews 22 noyabr tarixində Xaçmaz Bağçılığa istinadən xəbər verir.

Hazırda orta hesabla yerli sortlar 5-6 manata satılır. Xarici sortların qiymətləri isə calaqaltısından asılı olaraq 8-12 manat arası dəyişir.

Mütəxəssislər bu qiymətlərin formalaşmasına bir sıra amillərin təsir göstərdiyini deyirlər.
Tingçi ilk öncə torpaq seçimindən başlayır. O çalışır ki, münbit, tərkibi güclü torpaq olsun. Daha yaxşı nəticə üçün əraziyə mal və quş peyini səpilir və şumlanır. Sonra isə ting 2 il müddətində yetişdirilir.

Qışın yanvar-fevral aylarından sahəyə cır köçürülməsinə başlanılır. Bu kökaltılar yerli və xarici ola bilər. Hər ikisində proses eyni keçir.

Yay gəldikdə cır böyüyür, yarpaqlanmağa başlayır. Bu dövrdə alaq otlar təmizlənir, gübrə və dərmanlar tətbiq olunur.

Sonra, payızda calaqlar vurulur və eyni qulluq və qidalandırılma prosesi aparılır. Beləliklə, 1 il inkişaf gedir və növbəti payızda ting satışa hazır olur.

Bütün bu prosesləri nəzərə aldıqda 2 ilədək vaxt tələb olunur. Bəzən buna görə bağban və tingçi arasında anlaşılmazlıq olur ki, ting 1 ya 2 illikdir.
Tingçilərin xərclərindən danışdıqda işçi qüvvəsinin xərcləri nəzərə alınmalıdır. Maaşlar burada hər gün üçün ödənilir. Məsələn, calaq 1 ağaca təxminən 30 qəpikdən vurulur. Minlərlə ting olduqda məbləğ hiss olunan dərəcədə artır. Burada digər qulluq işlərinin ödənişləri də nəzərə alınmalıdır.

Ting alarkən alıcılara 4-5 yerdən qiymətlərlə maraqlanmaları tövsiyə olunur. Ucuz malı dərhal almayın. Maraqlanmaq lazımdır ki, niyə ucuz satılır. Əvvəlki müştərilərlə əlaqə saxlayıb rəylərini nəzərə almaq olar.