Laman kəndi Xaçmaz şəhərindən təxminən 10 kilometr cənub-şərq istiqamətində yerləşir. Ehtimal edilir ki, kəndin yaranma tarixi XVIII əsrin sonlarına təsadüf edir.

Kəndin adı türkdilli Şahsevənlər tayfası ilə bağlıdır. XVIII əsrin sonlarında ərdəbilli Təvabi Məhəmmədxan adlı şəxs Şahsevən ailələri ilə birlikdə qubalı Fətəli xanın (1736-1789) icazəsi ilə keçmiş Quba xanlığının Şabran və Müşkür mahallarına (indiki Şabran və Xaçmaz rayonlarının ərazisi) gəlib, burada məskən salmışlar.

1912-ci ilin “Qafqaz təqvimi”nə əsasən, kənddə 37 nəfər yaşayıb, 2009-cu ilin rəsmi məlumatına əsasən, kəndin əhalisi 143 nəfər təşkil edib.

Şahsevənlər azərbaycanlıların etnoqrafik qrupu sayılır. Şahsevən adı Səfəvi I Şah Ismayıl (1501-1524) hakimiyyəti dönəmində yaranmışdı. Sonralar I Şah Abbas Səfəvi (1587-1629) bəzi tayfaları öz tərəfinə çəkərək “Şahsevən” adlı xüsusi şah qvardiyası yaratdı. Bunun məqsədi güclü tayfa başçılarını mərkəzi hakimiyyətə tabe etmək və mərkəzi hakimiyyəti gücləndirmək idi. Şahsevənlər Səfəvi dövlətinin əsas hərbi qüvvəsi hesab edilirdilər və səfəvilərin siyasi həyatında mühüm rol oynayırdılar.

Azərbaycanda eyniadlı kənd, həmçinin Lerik rayonunda mövcuddur.

İstinad edilən mənbələr: