Quba Rayon Mərkəzi Xəstəxanasının həkimi 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizlə çiyin-çiyinə iştirak edib. Bu barədə ShimalNews 22 noyabr tarixində Aztibb.az-a istinadən məlumat verir.

Səməd Mahmudov Hemodializ şöbəsində həkim-nefroloq vəzifəsində çalışır. O, 21 sentyabr 2020-ci ildə hərbi təlimlərə çağırılıb, hərbi hissənin tibb məntəqəsinin həkimi kimi 27 sentyabrda ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə yollanıb.

Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəman həkim yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsində yaxından iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Səməd Mahmudov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalla təltif edilib. 2020-ci il dekabrın 29-da isə o, ordudan tərxis olunub.

Prezident İlham Əliyevin Sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə 2022-ci il yanvar ayının 1-də Səməd Mahmudova “Müharibə veteranı” adı verilib.