İsmayıllı rayonu ərazisində aparılan qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı hesabat görüşü keçirilib. Bu barədə ShimalNews 22 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüş Rayon İcra Hakimiyyətində təşkil edilib. Prezident Adminstrasiyası tərəfindən keçirilən xüsusi onlayn müşavirə verilən tapşırıqların icrası ilə bağlı olub.

Görüşdə çıxış edən şəhərin baş memarı Vüsal Abdullayev bildirib ki, qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı yaradılmış Komissiyanın fəaliyyət göstərdiyi 7 ay ərzində rayon ərazisində 98 yeni yaşayış evinin məlumatlandırma icraatı qaydasında sənədləşməsi təmin edilib, 9 qeyri-yaşayış obyektinin inşasına icazə verilib, ötən illərdə inşa edilən 1 obyektin sənədləşdirilməsi aparılıb, 8 obyektin istismarına icazə sənədi verilib.

Müşavirədə bildirilib ki, aparılan monitorinqlər zamanı aşkar olunan özbaşına və qanunsuz tikintilərin sahiblərinin bəzilərini şifahi məlumatlandırmaqla sənədləşmə işlərinə cəlb etmək mümkün olub.