Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə 1904-cü ildə (digər mənbələrdə 1906-cı ildə) İsmayıllı rayonunun Basqal kəndində anadan olub.

Əbülhəsən 1912-ci ildə Basqal kəndində dördsinifli rus-tatar məktəbini bitirdikdən sonra üç aylıq müəllimlər kursuna daxil olur. Oranı bitirdikdən sonra yazıçı Ağsu rayonunun Nuran kəndində bir il müəllimlik edir.

Ələkbərzadə daha sonra keçmiş Bakı Müəllimlər Seminariyasına daxil olur və 1925-ci ildə oranı bitirdikdən sonra Dərbənd pedaqoji texnikumunda müəllim kimi çalışır. 1927-ci ildə Əbülhəsən indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirir. Daha sonra o, bir il Balaxanıda Maarif şöbəsinin müdiri vəzifəsində çalışır.

Müxtəlif illərdə yazıçı Tovuzda maarif müdiri, Kinematoqrafiya Komitəsində baş redaktor, “Azərbaycan” jurnalında baş redaktor işləmişdir.

Əbülhəsən ədəbi fəaliyyətə 1925-ci ildə “Maarif yolu” jurnalında şeirlərini çap etdirməklə başlayıb. 1927-ci ildə isə “Maarif və mədəniyyət” jurnalında “Sofi” adlı kitabını buraxmışdır. Onun “Araz” adlı ilk hekayələr kitabı 1930-cu ildə nəşr edilmişdir. Yazıçının “Yoxuşlar” romanı, “Müharibə”, “Dostluq qalası”, “Tərs adamlar”, “Dünya qopur”, “Tamaşa qarının nəvələri”, “Utancaq”, “Sədaqət” adlı əsərləri də var.

İkinci Dünya müharibəsi zamanı Əbülhəsən əvvəlcə Sevastopolun müdafiəsində nişançı rotasının komandiri vəzifəsində, daha sonra isə hərbi komissarlıqda çalışıb. Ələkbərzadə 1966, 1971 və 1976-cı illərdə “Qırmızı Bayraq”ordeni, fəxri fərmanlar və döyüş medalları ilə təltif olunub. 1979-cu ildə “Azərbaycan Xalq yazıçısı” adına layiq görülüb.

Əbülhəsən Ələkbərzadə 1986-cı ildə vəfat edib və İsmayıllının Basqal kəndində dəfn olunub.

Bakıda küçələrin biri onun adını daşıyır.

İstinad edilən mənbələr: