Xaçmazlı gənc Reyhan Məmmədovaya sevimli məşğuliyyətini biznesə çevirmək köməkliyi göstərilib. Bu barədə ShimalNews 19 noyabr tarixində USAİD Azərbaycana istinadən məlumat verir.

“Geyimlərimə, əl işlərimə yetərincə tələbat var idi, bir çox insanlar geyim tikdirmək üçün mənə müraciət edirdilər, lakin texniki təchizatımın olmaması mənə çətinlik yaradırdı, müraciətləri qəbul edə bilmirdim”, – deyə Reyhan bildirib.

İştirak etdiyi tədbirlərin birində gənc dərzi Qadın Resurs Mərkəzlərinin biznes qurmaq istəyən qadınlara dəstək göstərdiyini öyrənib. Bundan sonra o, Xaçmaz Qadın Resurs Mərkəzinə müraciət edib. Burada ona marketinq, sosial media marketinqi, kompüterdən istifadə ilə bağlı zəruri bacarıqlar öyrədilib.

Daha sonra Reyhan “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin qaliblərindən biri olub və biznesi üçün gərəkli olan avadanlıqlarla – düz tikiş maşını, overlok tikiş maşını və naxış maşını ilə təmin edilib.

Hazırda tikiş sahəsində uğurla fəaliyyət göstərən Reyhan az bir zamanda  öz biznesini daha da genişləndirib, bu yaxınlarda isə tikdiyi paltarların, əl işlərinin, milli və gəlinlik geyimlərinin sərgiləndiyi, kirayə verildiyi mağazasını açmağı planlayır.

USAİD Xaçmazda daha bir gəncin biznesinə dəstək göstərilib
Photo USAID Azerbaijan