Qusar rayon sakininin qızını döyməsi, arvadını isə bıçaqlaması hadisəsinin təfərrüatı məlum olub. Bu haqda ShimalNews 18 noyabr tarixində Bizim.media-ya istinadən məlumat verir.

Hadisə 18 fevral 2022-ci ildə Kuzun kəndində baş verib, adlar şərtidir.

İstintaq orqanı tərəfindən 45 yaşlı Hətəm barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə hadisəni törədən özünü təqsirli bilib. O bildirib ki, həmin gün kənddə küçədə xatırlamadığı həmkəndliləri ilə spirtli içki qəbul edib, baş verənlərin necə olduğunu özü də bilməyib:

“Sonra yaşadığım evə qayıtdım. Həmin vaxt evə daxil oldum və yatmaq istədim. Evdə qızım Aynurə, gəlinim Ləman, eləcə də oğlum Şirvan evin 2-ci mərtəbəsində yatmışdılar. Çay içmək istədiyim üçün qızımdan arvadımın harada olduğunu soruşdum. Lakin Aynurə anasının harada olduğunu bilmədiyini dedi. Aynurəyə dedim ki, anasına zəng etsin. Bu zaman Aynurə mənə fikir vermədən 2-ci mərtəbəyə qalxdı. Buna görə də onu geri çağırdım və sərxoş olduğum üçün şillə ilə bir neçə dəfə onun sifətinə vurdum.

Aynurə qışqırdığı üçün arvadım Xumar evə gəldi. Aynurə isə evdən getdi. Bundan sonra Xumar dayım Nadirə zəng edərək oraya çağırdı. Bir neçə dəqiqə sonra Nadir bizə gəldi. Həmin vaxt yardımçı tikilidə çörək bişirməyə davam edən arvadımı əl zərbəsi ilə vurdum. O da məni itələdi. Evə getdim və otağımdakı cib bıçağını götürdüm. Yenidən xərək evinə qayıtdım. Həmin vaxt Nadir də sakit olmağımı tövsiyə etdi”.

Hətəmin sözlərinə görə, daha sonra o, xərək evinə gələn gəlini Ləmanı çölə çıxarıb:

“Sonra qapını örtdüm və cibimdəki bıçağı çıxararaq arvadımın kürək nahiyəsinə bir dəfə zərbə endirdim. Bu zaman Nadir içəri daxil oldu və məni həyətə çıxardı. Həmin vaxt arvadım həyətə qaçdı. Mən isə əl-üzümü yudum və paltarımı dəyişdim. Çünki polis əməkdaşlarının məni aparmağa gələcəklərini bildim. Sonra polis əməkdaşları gəldilər. Polis əməkdaşlarına təslim oldum”.

Məhkəmənin hökmü ilə Hətəm 2 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, o təxminən 10 il əvvəl Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü (oğurluq) maddələri ilə məhkum olunub.