Şəhid D.İsmayılovun adını daşıyan Quba rayonunun Çiçi kənd tam orta məktəbi qəzalı vəziyyətdədir. Təhsil ocağı o qədər yararsız vəziyyətdədir ki, valideyinlər övladlarını məktəbə göndərməkdən imtina edirlər. Bu barədə ShimalNews 19 noyabr tarixində ATV-yə istinadən xəbər verir.

Uçuq-sökük tavan, sınıq-salxaq pəncərələr, çürüyüb dağılan döşəmə, varlığı yoxa bərabər qapılar, qırılan partalar. Divardakı iri çatlar şagird və müəllimlərin həyatı üçün hər an təhlükə saçır. Dam örtüyü sıradan çıxdığından yağış yağanda sinif otaqlarına su damır. Istilikdən isə söhbət belə gedə bilməz. Elə buna görə də bəzi valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edirlər.  Məktəbdə 113 şagird təhsil alsa da, 10-15 şagird davamlı şəkildə dərsə gəlir.

Məktəbin qəzalı olması ilə yanaşı, sinif otaqlarında elektrik enerjisi də yoxdur. Həmçinin məktəbdə antisanitar vəziyyət də yaranıb, bir sıra otaqlar zibilliyə çevrilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirildi ki, mövcud vəziyytlə bağlı Çiçi kənd tam orta məktəbinə baxış keçirilib, valideynlərlə söhbət aparılıb.

Pərviz Nurməmmədov Quba rayonu üzrə təhsil sektorunun müdiri: “Təhsil Nazirliyinə qəzalı məktəblər barədə mütəmadi məlumat veririk. Sonuncu dəfə artıq sırf Çiçi kənd tam orta məktəbi üçün də rəsmi müraciət olunub. Növbəti illərdə Dövlət Proqramı əsasında  Çiçi kəndində yeni məktəb binasının tikilməsi nəzərdə tutulur.”

Yeni məktəb binası tikilənə qədər təhsil ocağının qəzalı hissələri mühafizə olunaraq şagirdlərin təhlükəsizliyi təmin ediləcək.