Köhnə Xaçmaz kəndinin sakinləri uzun illərdir yolsuzluqdan əziyyət çəkirlər. Cəmi 1,5 km uzunluğu olan bu yol çoxdandır ki, əsaslı təmir olunmayıb. Bu barədə ShimalNews 19 noyabr tarixində Real TV-yə istinadən xəbər verir.

Yol kələ-kötürdür və iri çalalardan ibarətdir. Sürücülər buna görə qazanclarının böyük hissəsini avtomobillərinin təmirinə xərclədiklərini deyirlər.

“Baxırıq televizorda, adam yaşamayan yerlərə yol çəkirlər, asfalt edirlər, bu qədər kəndin camaatı var, bura baxılmır”, – deyə kənd sakini İsmayıl Əmiraslanov bildirib.

Sakinlər, eyni zamanda bildiriblər ki, bu yaxınlarda dəmir yolunu təmir edərkən burada hamarlama işləri aparılıb. Beləliklə, vəziyyət bir az yaxşılaşıb.

Köhnə Xaçmaz Bələdiyyəsinin sədri Akif Məmmədov bildirib ki, cəmi 1398 metrlik yolu “Azəravtoyol” Konserni heç cür təmir etmək istəmir. Quruma yüzlərlə müraciətlərə baxmayaraq, 5.000 sakinin istifadə elədiyi yol təmir olunmur.

Kənd yolunun nə zaman əsaslı təmir olunacağı ilə bağlı AAYDA-ya müraciət olunub. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli təmir işlərinin nə zaman başlanılacağını açıqlaya bilməyib.

ShimalNews daha öncə də bu mövzunu gündəmə gətirmişdi.