Çətgün kəndi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə, dağətəyi düzənlikdə yerləşir. Çətgün sözü avar dilində “birəli” deməkdir.

Çətgün kəndi ərazisində hələ IX-XI əsrlərdə böyük yaşayış məntəqəsi mövcud idi. XIX əsrdə isə Çətgün kəndi Quba qəzasının Qrız icmasında daimi yaşayış məntəqəsinə çevrilmişdir. 1832-ci ildə rus alimi F.A.Şitnikov bu kənd haqqında məlumat vermişdir.

1976-cı ildə arxeoloqlar kənddən 500 metr aralıqdakı “Köhnə təpə”də qədim yaşayış məskəninin qalıqlarını aşkar etmişlər. Çökmüş piramidanı xatırladan bu təpədən mis və saxsı qablar tapılmışdır. 1977-ci ildə indiki kəndin ərazisində başqa bir arxeoloji abidə üzə çıxarılmışdır. Kəndin Şuran təpəsindən daş qutulardan ibarət qəbirlər tapılmışdır. Qəbirlərin birində skelet, səhəng, bürünc qolbaq, boyunbağı, dəmir bıçaq qını aşkar edilmişdir.

2018-ci ilin məlumatına görə, kəndin əhalisinin sayı 210 nəfərdir. Onlar, əsasən, heyvandarlıq, əkinçilik, bağçılıq və bostançılıqla məşğul olurlar.

 

İstinad edilən mənbələr:

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.