Qubada region könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 15 noyabr tarixində ASAN Könüllülərinə istinadən məlumat verir.

Maarifləndirici tədbir Medianın İnkişafı Agentliyi tərəfindən Quba və ətraf rayonlarda yaşayan könüllülər üçün təşkil olunub.

Agentliyin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı nədir?”, “Media savadlılığının cəmiyyətin maarifləndirilməsində rolu və yaratdığı nəticələr”, “Saxta xəbərlərin aşkarlanması”, “Yanlış məlumat və dezinformasiya”, “Media savadlılığı və rəqəmsal media mühiti” və digər mövzular əhatə olunub və interaktiv oyunlar təşkil edilib.

Təlimin məqsədi gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, yeni media mühitindəki tendensiyaların və media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqların aşılanması, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsi olub.